Boks yığmamızın olimpiada uğurları davam edir
6 avqust 2012 15:15

Azərbaycan boks yığmasının üzvləri artıq dördüncü olimpiadadı ki, ardıcıl olaraq ölkəmizə medal qazandırırlar. Azerisport.az xəbər verir ki, London Yay Olimpiadası da istisna olmadı.
Belə ki, ötən gün Teymur Məmmədov (91 kq) belaruslu Sergey Korneyevə qalib gəlməklə yarımfinala çıxdı. Belədə, boksçumuz ən azı bürünc medalı özü üçün təmin etdi. Amma o, finala çıxsa, qızıl və ya gümüş medal qazanacaq.
Qeyd edək ki, boksda ilk olimpiya medalımızı 2000-ci ildə Vüqar Ələkbərov qazanıb. O, bürünc medal qazanmışdı. 4 il sonra eyni uğuru Fuad Aslannov, ardında Ağası Məmmədov, ən sonda isə Şahin İmranov təkrarlayıb. Ümid edək ki, bu dəfə həm Teymur Məmmədov, həm də 91 kq-dan artıq çəki dərəcəsində yarışan Məhəmmədrəsul Məcidov ölkəmizə medal qazandıracaq.