AİBA Belarusun şikayətini əsassız sayıb, Məmmədovun qələbəsini təsdiqlədi
6 avqust 2012 12:34

Belarus Boks Federasiyası ötən gün bu ölkənin London Yay Olimpiadasındakı təmsilçisi Sergey Korneyevlə (91 kq) azərbaycanlı Teymur Məmmədov arasında keçirilən 1/4 final görüşün nəticəsi ilə bağlı beynəlxalq boks federasiyasına (AİBA) şikayət edib. Azerisport.az xəbər verir ki, onlar bu görüşdə öz boksçularının qalib gəldiyini əsaslandıraraq, Məmmədova məğlubiyyət verilməsini tələb ediblər.
Lakin AİBA onların bu tələbini qəbul etməyib və Teymurun qələbəsini təsdiqləyib. Maraq üçün qeyd edək ki, Teymur ilk raundda bu rəqibini 9:4 hesabıyla üstələməyi bacarıb. İkinci raundda isə Korneyev üstün olub - 9:6. Son raunda yenə belaruslu idmançı qalib gəlib - 4:6. Yekun nəticədə 19:19 hesabı qeydə alınsa da, əlavə göstəricilərə görə, Məmmədov qalib elan olunub.
Onu da xatırladaq ki, məhz belə şikayətə görə Londonda artıq bir boksçumuzun qələbəsi əlindən alınıb. Məhəmməd Əbdülhəmidov yaponiyalı rəqibi üzərində qələbə qazansa da, sonradan həmin qələbə ləğv olunmuş, boksçumuz yarışlardan kənarlaşdırılmışdı.