Təmsilçimiz bürünc medalı da əldən verdi (YENİLƏNİB)
7 avqust 2012 21:22

Bu gün Azərbaycanın daha bir yunan-roma güləşçisi London Yay Olimpiya oyunlarında mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, Şalva Qadabadze idi.
O, yarışlara 1/8 final mərhələsindən başlayıb. Təmsilçimizin ilk rəqibi isə Rusiya güləşçisi Rüstəm Totrov olub. Şalva bu görüşün ilk hissəsini 3:0 qalib başa vurub. İkinci hissədə isə rəqib üstün olmağı bacarıb - 1:0. Belədə, qalibi əlavə raund müəyyənləşdirib. Təəssüf ki, son hissədə rusiyalı güləşçi qalib gələrək, mərhələ adlayıb. Buna baxmayaraq, Qadabadzenin medal qazanmaq şansı qalırdı. Bunun üçün o, Totrovun finala qədər irəliləməsini arzulamalıydı.
Xoşbəxtlikdən Totrov finala çıxıb. Bu üzdən də güləşçimiz üçün yaxşı şans yaranıb. Belədə o, ilk növbədə isveçli Cimmi Lidberqi məğlub etməliydi. Ardından isə belaruslu Timofey Jeyniçenkanı məğlub edib, bürünc medala sahib çıxa bilərdi. Amma təəssüf ki, idmançımız elə ilk cəhdindəcə uduzaraq, bürünc medalı da əldən verib.
Maraq üçün xatırladaq ki, Qadabadze yunan-roma güləşi üzrə Olimpiadadakı beşinci təmsilçimizdi. Ondan öncə çıxış edən güləşçilərimizdən Rövşən Bayramov (55 kq) gümüş, Emin Əhmədov (74 kq) isə bürünc medala sahib çıxıb. Həsən Əliyevlə (60 kq) Səman Təhmasibi (84 kq) isə uğursuzluqla üzləşiblər.