Rövşən Bayramov güləşçi karyerasını davam etdirəcək
8 avqust 2012 17:08

Son günlər ölkə mətbuatında yunan-roma güləşçimiz Rövşən Bayramovun idmançı karyerasını bitirəcəyi və məşqçiliyə başlayacağı ilə xəbərlər yayılıb. Azerisport.az xəbər verir ki, ardıcıl 2 olimpiadada gümüş medal qazanmış pəhləvanımızın pərəstişkarlarının bu narahatlığına Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov son qoyub:
“Hazırda Rövşənin cəmi 25 yaşı var və onun idmançı karyerasını bitirən vaxtı deyil. İdmançı özü də karyerasını başa vurucağı ilə bağlı heç nə deməyib. O bizim yığma komandaya lazımlı güləşçidir və yığmamızın lideridir. Hazırkı vəziyyəti Rövşənə ən azı daha bir olimpiadada güləşmək imkanı verir. Dünya güləşində biz dəfələrlə yaşı 30-dan artıq olan pəhləvanların uğurla çıxış etdiyinin və parlaq nəticələr qazandığının şahidi olmuşuq. Odur ki, qətiyyətlə söyləyirəm: Rövşən Bayramov idmançı karyerasını davam etdirəcək və öz uğurları ilə bizi hələ çox sevindirəcək”.