Təmsilçilərimiz medalın bir addımlığında büdrədilər (YENİLƏNİB)
9 avqust 2012 13:45

Bu gün Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət duet London Yay Olimpiya Oyunlarında əsas final yürüşünə qatılıb. Azerisport.az xəbər verir ki, 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə həlledici yürüş Bakı vaxtı ilə saat 13:30-da start götürüb.
Qeyd edək ki, Olimpiadanın finalında Bezuqlıy – Prokopenko duetinin rəqibləri Peter Kretşmer - Kurt Kuşela (Almaniya), Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya), Yaroslav Radon – Filip Dvoryak (Çexiya), Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya), Maosinq Huanq – Li Kianq (Çin), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus) və Sergey Torres – Xose Karlos Bulnes (Kuba) cütlükləri idi.
Azərbaycanlı duet əsas finalda da möhtəşəm çıxış edib. Lakin uzun müddət hamıdan öndə gedən təmilçilərimiz sonda dördüncü yerlə kifayətlənməli olublar. Onların nəticəsi belə olub - 3:37.219.
İlk üç pilləyə gəlincə, almaniyalı duet 3:33.804 göstərici ilə Olimpiya çempionu olub. İkinci yeri belaruslu (3:35.206), üçüncü yeri isə rusiyalı (3:36.414) duet tutub.