Aliyə Qarayeva ilk günü 5-ci pillədə başa vurdu (YENİLƏNİB)
9 avqust 2012 18:54

Bu gün azərbaycanlı gimnast Aliyə Qarayeva London Yay Olimpiadasındakı çıxışına start verib. Azerisport.az xəbər verir ki, fərdi çoxnövçülük yarışlarında qüvvəsini sınayacaq təmsilçimiz təsnifat mərhələsində 23 idmançı ilə mübarizə aparır.
İlk gündə bu qrupda yer alan idmançılar öncə həlqə ilə hərəkətlərdə öz çıxışlarını ediblər. Qarayeva səhnəyə 15-ci çıxıb. Təmsilçimiz həlqə ilə hərəkətlərdə 27.450 bal toplayıb və bu nəticə ilə yeddinci yeri tutub.
Ardından isə topla hərəkətlər yerinə yetirilib. Bu dəfə isə Aliyə 16-cı sırada çıxış edib. O, bu dəfəki cəhdində 28.350 xal toplamağa nail olub. İki hərəkətin cəmində isə Qarayeva 55.800 xal toplayıb. Bu nəticə təmsilçimizi ümumi sıralamada beşinci edib.
Qeyd edək ki, təsnifat mərhələsinin digər hissəsi sabah keçiriləcək. Belə ki, bu 24 gimnast lentlə və toppuzla yarışlarda da qüvvəsini sınayacaqlar. Finala vəsiqə qazanmaq üçün Qarayevaya yekun nəticədə ilk onluğa daxil olmaq lazımdı.