Taekvondoçular da medal qazana bilmədilər (YENİLƏNİB)
10 avqust 2012 21:53

Bu gün Azərbaycan taekvondoçuları London Yay Olimpiadasında mübarizəyə start veriblər. Azerisport.az xəbər verir ki, ölkəmizi bu idman növündə cəmi iki idmançı təmsil edirdi. Onlardan biri Ramin Əzizov (80 kq), digəri Fəridə Əzizova (67 kq) idi.
Ramin Əzizov ilk döyüşünü ABŞ idmançısı Steven Lopesə qarşı keçirib. İkiqat olimpiya çempionu olan bu idmançı ilk raundda üstün olsa da, sonradan özünü toparlayan Ramin əzmkar qələbəyə sevinib - 3:2. Əzizovun 1/4 finaldakı rəqibi italiyalı Mauro Sarmiento olub. Bu rəqibi ilə görüşün həm ilk, həm də ikinci hissəsini xalsız başa vuran Ramin yalnız son hissədə 1:2 hesabıyla uduzub. Amma bu məğlubiyyətə baxmayaraq, Raminin hələ təsəlliverici görüşlərdə çıxış etmək şansı qalırdı. Lakin italiyalı idmançı da finala çıxa bilmədiyindən, Əzizov Olimpiadanı medalsız başa vurub.
Fəridə Əzizova isə ilk cəhdində kanadalı Karine Sergerye üzərində qələbə qazanmalı idi. Bu döyüşün ilk hissəsində hesab açılmayıb - 0:0. Lakin təəssüf ki, sonda kanadalı idmançı minimal hesablı qələbə sayəsində Əzizovanı yarışlardan kənarlaşdırıb.