Cəbrayıl Həsənov bürünc medalı əldən verdi (YENİLƏNİB)
12 avqust 2012 17:54

Bu gün Azərbaycanın sərbəst güləş üzrə yığmasının daha bir üzvü London Yay Olimpiadasında mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, 66 kq çəki dərəcəsində çıxış edən Cəbrayıl Həsənov idi.
O, mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Həsənovun ilk rəqibi isə Bolqarıstan təmsilçisi Leonid Bazan olub. Cəbrayıl hər iki hissədə qalib gələrək (3:0, 3:1) 1/4 finala adlayıb.
1/4 mərhələsindəki rəqib Belarus güləşçisi Əli Şabanov olub. İlk hissə 2:2 hesabıyla başa çatıb. İkinci yarıda da üstünlük qeydə alınmayıb - 1:1. Həlledici raund da çox gərgin keçib. 2:2 hesabıyla başa çatan son hissənin ardından məşqçilərimiz etiraz ediblər. Amma qələbə güləşçimizə verilib.
Yarımfinalda isə Həsənov yaponiyalı Tatsuhiro Yonemitsu ilə üz-üzə gəlib. İlk hissədə yaponiyalı güclü olub - 0:2. İkinci hissədə də məğlub olan (0:1) Cəbrayıl finala çıxa bilməyib.
Amma həmyerlimizin hələ bürünc medal qazanmaq şansı vardı. Onun bürünc yolundakı rəqibi isə Livan Lopes (Kuba) idi. Cəbrayıl ilk yarıda bu rəqibini asanlıqla üstələyib - 3:0. İkinci hissədə isə Kuba idmançısı üstün olub - 0:2. Həlledici hissədə isə 5:1 qalib gələn kubalı Cəbrayılı medalsız qoyub.