Daha bir güləşçimiz bürünc medal qazandı (YENİLƏNİB)
12 avqust 2012 17:37

Bu gün Azərbaycanın sərbəst güləş üzrə yığmasının daha bir üzvü London Yay Olimpiadasında mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, 96 kq çəki dərəcəsində çıxış edən Xetaq Qazyumovd idi.
O, mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Qazyumovun ilk rəqibi Belarus təmsilçisi Ruslan Şeyxov olub. Təmsilçimiz ilk görüşünü qalib başa vuraraq (1:0, 1:0) mərhələ adlayıb.
1/4 finalda rəqib ukraynalı Valeri Andriçev olub. Xetaq bu rəqibini ilk yarıda məğlub etməyi bacarıb - 1:0. İkinci hissədə isə ukraynalı güləşçi qalib gəlib - 0:1. Həlledici görüşdə isə Xetaq məğlubiyyətlə üzləşib (1:4) və yarımfinala çıxa bilməyib.
Amma hələ Qazyumovun medal qazanmaq şansı qalırdı. Bunun üçün ilk növbədə onu mübarizədən kənarlaşdırmış Andriçevin finala çıxması lazım idi ki, ukraynalı buna nail olub.
Beləcə, Xetaq bürünc medal yolunda öncə Tacikistan təmsilçisi Rüstəm İskəndəriyə rəqib olub. İlk yarıda Xetaq qələbə qazanıb - 3:1. İkinci hissədə də qələbə güləşçimizin olub - 3:0. Nəticədə Qazyumov bürüncə bir addım da yaxınlaşıb.
Sonda isə iranlı Reza Yazdani ilə görüşü qalib vurmaq lazım idi. Amma maraqlıdı ki, Yazdani bundan əvvəlki görüşündə ağır zədə almışdı. Bu üzdən onun bürünc uğrunda Xetaqla qarşılaşıb-qarşılaşmayacağı sual doğururdu. Maraq üçün qeyd edək ki, Xetaq da son görüşünü zədəli halda keçirmişdi. Son anda iranlı güləşçi bu görüşdən imtina edib. Beləcə, Qazyumov bürünc uğrunda görüşə çıxmadan medal qazanıb!