AİBA BBC-ni Azərbaycana görə məhkəməyə verdi
12 avqust 2012 14:44

Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) Böyük Britaniyanın məşhur BBC telekanalını məhkəməyə verib. Azerisport.az xəbər verir ki, buna səbəb sözügedən teleşirkətin Azərbaycan Boks Federasiyası ilə AİBA-nın London Yay Olimpiadasındakı bəzi boks görüşlərinin nəticəsinin öncədən razılaşdırması haqda əsassız xəbərlərin yayılması olub.
BBC-nin yaydığı məlumatda bildirilirdi ki, ABF AİBA-ya 10 milyon dollar rüşvət verib. Bunun qarşılığında isə AİBA iki azərbaycanlı boksçunun London Olimpiadasında 2 qızıl medal qazanmasına şərait yaratmalı idi.
Qeyd edək ki, oxşar sensasiyalı xəbərlər hələ ötən il də bu kanal tərəfindən efirə getmişdi. Amma ötən həftə iki azərbaycanlı boksçu 1/4 finala vəsiqə qazandıqdan sonra BBC yenidən qalmaqallı mövzunu günəmə gətirdi. “Panorama”nın müxbiri Anna Adams bəyan etmişdi ki, Teymur Məmmədovla Məhəmmədrəsul Məcidovun 1/4 finala çıxması guya onların yaydığı informasiyanın əyani sübutudu.
Göründüyü kimi, BBC bu cəhdi ilə hansısa məqsəd güdürdü. Onlar həm idmançılarımıza psixoloji cəhətdən təzyiq göstərib, onların daha yaxşı uğur qazanmasına mane oldular, həm də Azərbaycanın imicinə beynəlxalq aləmdə böyük zərbə vurdular. Amma hər halda yaydıqları gülünc məlumatların doğru çıxmaması da belə bir telekanal üçün ən böyük ayıb hesab oluna bilər. Axı azərbaycanlı bokçsular nəinki qızıl, heç gümüş medal da qazana bilmədilər. Həm Məcidov, həm də Məmmədov yarışları bürünc medalla tərk etməli oldu.
İndi ümid edək ki, AİBA-nın açdığı məhkəmə də öz bəhrəsini verəcək və sözügedən telekanal yaydığı mənasız informasiyalara görə layiqli cəzasını alacaq.