Olimpiya qəhrəmanlarımız Vətənə döndülər
15 avqust 2012 11:48

Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar. Azerisport.az xəbər verir ki, Londonda Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazmış olimpiyaçıları Heydər Əliyev adına Beynəlxalq hava limanında onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə ilə, gül-çiçəklə, musiqi sədaları altında qarşılayıblar.
Məlum olduğu kimi, Olimpiya Oyunlarında Azərbaycan idmançıları 10 medal qazanınlar. Sərbəst güləşçilər Toğrul Əsgərov (60 kq) və Şərif Şərifov (84 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yunan-Roma güləşçiləri Rövşən Bayramov (55 kq), qadın güləşçi Mariya Stadnik (48 kq) gümüş, yunan-Roma güləşçisi Emin Əhmədov (74 kq), sərbəst güləşçi Xetaq Qazyumov (96 kq), qadın güləşçi Yuliya Ratkeviç (55 kq), boksçular Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) və ağır atlet Valentin Xristov (56 kq) bürünc medallar qazanıblar. Azərbaycanın olimpiya yığması bu göstərici ilə 205 ölkə arasında 30-cu olub. Millimiz Avropa ölkələri arasında 15-ci, MDB dövlətləri arasında 5-ci yerdə qərarlaşıb. Ölkəmiz türkdilli dövlətlər arasında yalnız Qazaxıstandan geri qalır.