The Guardian: Azərbaycan Olimpiadada 11-ci olub
16 avqust 2012 15:58

İngiltərənin “The Guardian” nəşri London Yay Olimpiadasının nəticələri ilə bağlı maraqlı hesablama aparıb. Azerisport.az xəbər verir ki, ingilis həmkarlarımız qazanılan medalların hər ölkənin təmsil olunduğu idmançı sayına əsasən faizini çıxarıb.
Bu mənada Azərbaycan olimpiadaçıları siyahının üst pillələrində qərarlaşanlardandı. Məlum olduğu kimi, yığmamız Londona 53 idmançı ilə yola düşmüşdü. Onlardan isə 10 nəfəri medal qazandılar. “The Guardian”ın hesablamalarına görə, yığmamızın bu mənada göstəricisi 23,1 faizə bərabərdi.
Bu isə o deməkdi ki, Azərbaycanın təxminən hər beş idmançısından biri vətənə medalla qayıdıb. Göründüyü kimi, heç də pis nəticə deyil. Ən azı ona görə ki, Azərbaycan bu mənada Böyük Britaniya, Qazaxıstan, Almaniya, Fransa, Hollandiya və daha bir neçə aparıcı ölkəni qabaqlayaraq, 11-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan bütövükdə medal sayına görə Polşa ilə birgə 30-31-ci yerləri bölüşüb. Komandamız Londondan 2 qızıl, 2 gümüş, 6 bürünc medalla qayıdıb.