Bakı-2015 Avropa Oyunları ilə bağlı açıq loqotip müsabiqəsi elan edildi
26 yanvar 2013 12:35
Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli qərarını və "I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Prezidentinin 17 yanvar 2013-cü il tarixli sərəncamını nəzərə alaraq, Gənclər və İdman Nazirliyi "I Avropa Oyunları (Bakı 2015)" mövzusunda açıq loqotip müsabiqəsi elan edib. Azerisport.az xəbər verir ki, müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar olaraq fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər. İştirakçılara yaş məhdudiyyəti qoyulmur. Bir müəllif ən çox 5 iş təqdim edə bilər.
Təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalıdır. Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.
Təqdim olunan loqotiplər aşağıdakılardan ibarət olmalıdır:
- loqotipin ağ-qara həlli
- loqotipin rəngli həlli
- loqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə)
- loqotipin vektor versiyası (*eps, *ai, *cdr (12-ci versiya)
Təqdim olunan işlər və ərizə forması 23 fevral 2013-cü il tarixə kimi elektron formada həm müsabiqənin [email protected] elektron poçt ünvanına, həm də Təşkilat Komitəsinə (cd-r, dvd-r) göndərilməlidir.
Müsabiqənin mükafat fondu aşağıdakı qaydada müəyyənləşdirilib:
• I yer - 5000 AZN
• II yer (laureat) - 3000 AZN
• III yer (laureat) - 2000 AZN
Müsabiqənin Əsasnaməsini, ərizə formasını və daha ətraflı məlumatı www.mys.gov.az internet saytından əldə etmək olar.