MOK nümayəndəsi Avropa Olimpiya Komitəsinin nəzdindəki beynəlxalq komissiyanın üzvü seçildi
14 fevral 2013 17:53

Azərbaycan Milli Olimpiya Komitəsinin (AMOK) və Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva Avropa Olimpiya Komitəsi (AOK) nəzdində yaradılmış İdmanda qadın və bərabərlik komissiyasının üzvü seçilib. Azerisport.az xəbər verir ki, bu haqda qərar AOK-un İcraiyyə Komitəsi tərəfindən verilib.
Bu AOK-un prezidenti Patrik Hikey tərəfindən AMOK-un nümayəndəsinə ünvanlanmış məktubda qeyd olunub. AOK-un vitse-prezidenti Aleksandr Kozlovskinin rəhbərlik edəcəyi yeni yaradılmış komissiyanın fəaliyyətində K.Nurullayeva ilə yanaşı, İspaniya, Böyük Britaniya Olimpiya Komitələrinin vitse-prezidentləri, Polşa, Türkiyə, Makedoniya və Fransa Olimpiya Komitələrinin baş katibləri iştirak edəcəklər.
Olimpiya Oyunlarının təşkili və idarə edilməsində uzun müddətli təcrübəyə malik olan K.Nurullayeva Bakı-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru, 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi məsul vəzifələri tutmuşdur. Həmçinin, K.Nurullayeva İslam Qadın və İdman Federasiyalarının birinci komitəsinin üzvüdür.
1975-ci ildə təsis edilmiş və hazırda 49 ölkənin milli olimpiya komitələrini özündə birləşdirən AOK-un nəzdində Olimpiya Oyunları, beynəlxalq əlaqələr, gənclər və idman, Olimpiya mədəniyyəti və təhsili və s. beynəlxalq komissiyaları fəaliyyət göstərir. MOK nümayəndəsi AOK nəzdində yaradılmış komissiyanın üzvü olan ilk azərbaycanlı qadındır. K.Nurullayevanın komitə nəzdində yaradılmış beynəlxalq komissiyanın üzvü seçilməsi AMOK, eyni zamanda Azərbaycanın idman tarixində yeni bir nailiyyətdir.