Azad Rəhimov: Bu, nə bir günün, nə də bir ayın məsələsidi
24 fevral 2013 02:09

“Bakıda 2015-ci ildə keçiriləcək I Avropa Olimpiya Oyunlarına hərtərəfli hazırlıq gedir”. Azerisport.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda 1970-80-ci illərdə tikilmiş idman qurğularının vəziyyəti öyrənilir. Bu qurğuların hansı səviyyədə təmir, yenidənqurma və əlavə işlərin aparılmasına ehtiyac olduğu müəyyənləşdirilir. Artıq müəyyən çatışmazlıqlar da qeydə alınıb.
"Yoxlamaların nəticələrinə görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin məşq zalları təmir edilməlidir. Atıcılıq stendində yeni stend tikilməlidir. Tüfəng və tapança tiri üçün zal tikmək lazımdı. Bakı İdman Sarayında işlər aparılmalıdı. Orada sanitar qovşağı qaydaya salınmalı, əlavə oturacaqlar qoyulmalıdı. Sarayda 4 idman növü üzrə - taekvondo, karate, badminton və stolüstü tennis yarışlarının keçirilməsi nəzərdə tutulub. Həmçinin tribunalar, restoran və kafelər tikilməlidi".
Nazir qeyd edib ki, işlər o qədər də böyük olmasa da, yüksək peşəkarlıq tələb edir. Rəhimov bildirib ki, Su-Hovuz Kompleksi, Olimpiya Futbol Stadionu və Gimnastika Kompleksinin tikintisi davam etdirilir. Onun fikrincə, bu qurğular tam yüksək səviyyəli, bütün standartlara cavab verən obyektlər olacaq.
Gənclər və idman nazirinin sözlərinə görə, hələlik Bakıda "Olimpiya kəndi"nin tikilməsi nəzərdə tutulmayıb. Nazirin sözlərinə görə, hələ ki görüləcək işlər üçün tələb olunan xərcləri hesablamaq qeyri-mümkündü:
"Bunun üçün smeta tutulmalıdı, qiymətqoyma keçirilməlidi. Bu, nə bir günün, nə də bir ayın məsələsidi. Avropa Olimpiya Komitəsinin də xahişidi ki, artıq pullar xərclənməsin. Yəni burada iri obyektlər tikilib sonra boş qalmasın və dövlətin puluna hərtərəfli qənaət olunsun".