Avropa Oyunlarının təşkilinə xarici mütəxəssislər cəlb olunub
24 fevral 2013 02:18

I Avropa Olimpiya Oyunlarının təşkili üçün hazırda işçi qrupu formalaşdırılır. Azerisport.az xəbər verir ki, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.
Nazirin sözlərinə görə, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarının təşkili üçün xaricdən mütəxəssislər də dəvət olunub:
"Çünki sahələr çox müxtəlifdi. Bəzi sahələr var ki, böyük təcrübə tələb edir. Ona görə də London, Afina, Vankuver, Soçi Olimpiya oyunlarını təşkil edən insanlar və mütəxəssislər dəvət olunurlar. Bu komanda bu yaxınlarda Bakıda olacaq və fəaliyyətə başlayacaq".
Nazir bildirib ki, hazırda Avropa Oyunlarında yarışların keçiriləcəyi idman növlərinin siyahısının təsdiqi gözlənilir:
"Düşünürəm ki, I Avropa Oyunlarında yarışlar 17-18 idman növü üzrə keçiriləcək. Onlardan 2-si qeyri-olimpiya, qalanı olimpiya idman növləridi".