Bakı-2015-lə bağlı növbəti iclas keçirildi
2 iyul 2013 12:14

İyulun 1-də 2015-ci ildə ilk dəfə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının Koordinasiya Komissiyasının növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, Bakıdakı “Marriot Absheron” mehmanxanasında təşkil olunmuş tədbirin məqsədi birinci Avropa Oyunlarına hazırlıq məsələləri ilə tanış olmaqdı.
İclasda gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitəsinin baş katibi Rafaello Poqnatçi, Koordinasiya Komissiyasının sədri Spiros Kapralos və başqaları iştirak ediblər.
İclasda idman növləri, idmançıların seçim prosesi və Bakı şəhərinin hazırlıq səviyyəsi barədə, həmçinin birinci Avropa Oyunlarının keçirilmə tarixi barədə də fikir mübadiləsi aparılıb. İdman federasiyalarının rəhbərləri ilə görüşlərin keçirilməsi və Avropa Oyunlarının proqramına daxil olan bəzi idman növlərinə Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri verilməsi istiqamətində müzakirələr aparılıb.
Qonaqlar ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirib, olimpiya kəndinin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb və mötəbər yarışa hazırlıqdan məmnun olduqlarını ifadə ediblər.
Sonda hazırlıq işləri məşğul olan əməliyyatçı şirkətlərin məruzələri dinlənilib.
Qeyd edək ki, Avropa Oyunlarının ilkin proqramına idmanın 19 növü daxildi. Bunlar kamandan oxatma, su idman növləri (üzgüçülük, su polosu, suyatullanma), atletika, badminton, basketbol (3x3), boks, kanoe, velosiped (BMX, dağ velosipedi, şose), çimərlik futbolu, gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika), cüdo, karate, atıcılıq (stend və güllə), stolüstü tennis, taekvondo, triatlon, voleybol (zal və çimərlik), güləş və qılıncoynatma növləridi.