Azərbaycan İslamiadada 2-ci qızıl medalını qazandı (FOTO)
24 sentyabr 2013 12:54

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Azerisport.az xəbər verir ki, yarışlarda Azərbaycan idmançıları da öz qüvvələrini sınayırlar.
İslamiadanın ikinci günündə ölkəmiz daha bir medal qazanıb. Buna karate yığmamızın üzvü Rafael Ağayev nail olub.
75 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız Liviya, Türkiyə, Misir idmançılarına qalib gələrək finala yüksəlib. Həlledici görüşdə isə o, misirli həmkarına şans verməyib və ölkəmizə növbəti qızıl medalı qazandırıb.
Xatırladaq ki, bu, Azərbaycanın İslamiadada ikinci qızıl, bütövlükdə isə üçüncü medalıdı. Ağayevdən öncə karate yığmamızın digər üzvlərindən Ayxan Mamayev qızıl, Şahin Atamov isə gümüş medal qazanmışdı.