Azərbaycan İslamiadada 7-ci medalını qazandı (FOTO)
25 sentyabr 2013 12:54

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Azerisport.az xəbər verir ki, yarışlarda Azərbaycan idmançıları da öz qüvvələrini sınayırlar.
Yarışların üçüncü günündə artıq daha bir medal əldə olunub. Ağır atletika yığmamızın üzvü - 62 kq çəki dərəcəsində yarışan Zülfüqar Süleymanov körpücük üzərinə çıxıb. O, birdən qaldırma hərəkətində 123 kq, təkanla qaldırma hərəkətində isə 156 kq çəkini başı üzərinə qaldırıb.
Toplamda 279 kq (123 kq + 156 kq) nəticə göstərən Süleymanov İslam Oyunlarının bürünc medalını qazanıb.
Bu, Azərbaycanın İslamiadada qazandığı yeddinci medaldı. Karate yığmamızın üzvlərindən Rafael Ağayev, Ayxan Mamayev qızıl, Şahin Atamovla Niyazi Əliyev isə gümüş medal qazanmışdı. Üzgüçülük yığmamızın üzvü Yevgeni Lazuka gümüş əldə edib. Azərbaycana İslamiadada daha bir medalı (gümüş) ağır atletika yığmamızın üzvü Silviya Angelova qazandırıb.