Zirvə ilin ən yaxşı idman klubu seçildi

Gənclər və idman nazirliyi, Milli olimpiya komitəsi, Beynəlxalq idman jurnalistləri assosiasiyası və “Sportsman” jurnalı tərəfindən birgə təsis edilmiş “Zəfər-2013″ Yüksək idman nailiyyətləri mükafatının növbəti təqdimetmə mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, “Abşeron JW Marriott” otelinin Şərq zalında baş tutan tədbirdə “2013-cü ilin ən yaxşı klubu” adına “Zirvə” idman klubu layiq görülüb.
Bir çox mötəbər qonaqların, Azərbaycanın görkəmli idman mütəxəssisləri, tanınmış idmançılar, nazirlik, komitə və şirkətlərin səlahiyyətli nümayəndələrinin də iştirak etdiyi mərasimdə mükafat Azərbaycan Gənclər idman nazirinin müavini, Azərbaycan Ağır atletika federasiyasının birinci vitse-prezidenti İsmayıl İsmayılov tərəfindən, “Zirvə” İK-nın vitse-prezidenti Ruslan Xanverdiyevə təqdim olunub.
Mərkəzi bazası AAAF park yaşayış kompleksi olan “Zirvə” idman klubunun yetirmələrinin 2013-cü ildə böyük uğurlar qazanması, Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməsi bu mükafatın qazanılmasında böyük rol oynayıb. Ötən il beynəlxalq yarışlarda 32 medal (13 qızıl, 7 gümüş və 12 bürünc) qazanıb, üstəlik, 7 dünya və Avropa rekordunu yeniləyən “zirvəçilər”, ölkədaxili yarışlarda da bütün medalların yarıdan çoxunu əldə ediblər. Görülən işlərin nəticəsi olaraq klub Azərbaycanın ən yaxşısı seçilib.
“Zirvə” idman klubunun prezidenti sabiq ağır atlet, 1996-cı il Atlanta Olimpiadasının iştirakçısı Tofiq Heydərovdur.