Azərbaycanda ilk dəfə təşkil olunan çempionatda gürcülər sevindi
18 may 2011 15:00

May ayının 15-də Azərbaycanın idman tarixində ilk dəfə olaraq süni relyefdə qayayadırmanma üzrə respublika çempionatına start verilib. Azerisport.az xəbər verir ki, bu çempionat Beynəlxalq İdman Qayayadırmanması Federasiyasının üzvü olan Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının “A+A”, “Ekosport”, “Climb-club”, “AMEAST”, “AzDBTİA”, “Salavat”, “Zirvə” klubları ilə yanaşı, respublikanın digər qurumlarının idmançıları və Gürcüstandan gəlmiş qayayadırmananlar iştirak edib.
Ümumilikdə, 70-ə yaxın idmançının qatıldığı açıq ölkə çempionatına Bakıdakı “Green Rock” süni qayayadırmanma klubunda start verilib. Yarış başlanğıcdan kifayət qədər həyəcanlı dəqiqələrlə müşayiət olunub. Birincilik uğrunda mübarizə kişilər və qadınlar arasında bir neçə mərhələdə davam edib. Əvvəlcə təsnifat mərhələsi, daha sonra 1/8, 1/4, 1/2 və final mərhələlərində mübarizə aparılıb.
Özünəməxsusluğu ilə fərqlənən və azarkeşlərə həyəcanlı dəqiqələr yaşadan maraqlı idman mübarizəsi təsnifat mərhələsindən sonra 20 idmançının növbəti mərhələdə birinci yer uğrunda yarışması ilə davam edib. Qaliblərin müəyyənləşməsi mərhələsində gərgin anlar yaşayan Azərbaycan idmançıları qüvvələrini səfərbər etsələr də, kişilər arasında ilk 3 yer gürcüstanlı qayayadırmananlara (1-ci yer -Dabrundaşvili Quram, 2-ci yer – Mikaladze Erekle, 3-cü yer – Xutşişvili Quram) nəsib olub.
Qadınlar arasında keçirilən yarışlarda da birinci 2 yeri qonaqlar, 3-cü yeri isə Azərbaycan idmançısı (1-ci yer – Xutşişvili Nutsa, 2-ci yer – Meladze Tamara, 3-cü yer – Maşkova Yanina) qazanıb.