Fəridə Əzizova olimpiadaya lisenziya qazandı (YENİLƏNİB)
30 iyun 2011 22:08

Bu gün Bakıda taekvondo üzrə 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən beynəlxalq turnirə start verilib. Azerisport.az xəbər verir ki, "Sərhədçi" Olimpiya Mərkəzində keçirilən turnirin ilk günündə Azərbaycan yığmasının üzvlərindən Fəridə Əzizova (67 kq) olimpiadaya vəsiqə uğrunda mübarizə aparmaq hüququ qazanıb.
Əzizova startda Sloveniya təmsilçisi Franki Aniçlə üz-üzə gəlib və onu asanlıqla mübarizədən kənarlaşdırıb - 5:0. Fəridə 1/8 finaldakı rəqibi Peyc Makfersonu (ABŞ) da yenməyi bacarıb – 2:0. 1/4 finalda isə kanadalı Karen Serceliyə qalib gəlib - 2:1.
İdmançımıza olimpiadaya lisenziyanı rəsmiləşdirmək üçün sadəcə 1 qələbə lazım idi. Əzizova yarımfinaldakı rəqibi - isveçli Yene Yohanssonu da məğlub edərək, bu mühüm vəzifənin öhdəsindən gəlməyi bacarıb.
Finalda isə idmançımızın rəqibi koreyalı Min Yun Kim olub. Lakin Fəridə həlledici görüşdə məğlub olub - 5:6.
Qeyd edək ki, Əzizovanın qazandığı lisenziya tarixi bir uğurdu. Çünki indiyədək ölkəmiz qadın taekvandosunda olimpiadaya lisenziya əldə edə bilməmişdi.
Bütövlükdə isə, ölkəmiz London olimpiadasına ikinci lisenziyasını rəsmiləşdirdi. İlk olaraq bu şansa Dmitri Marşin yiyələnmişdi. O, çəkic atma idman növündə bu uğura imza atmışdı.