Azərbaycan Xorvatiyadan 5 medalla qayıtdı
9 noyabr 2011 12:34

Azərbaycanın taekvondo üzrə yığma komandası Xorvatiya açıq çempionatında (“Croatia open”) 5 medala sahib olub. Azerisport.az xəbər verir ki, baş məşqçi, Respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyevin rəhbərliyi altında Zaqrebə yollanan 14 taekvondoçumuzdan ikisi qızıl medal qazanıb.
London Olimpiadasına lisenziyanı təmin etmiş Fəridə Əzizova (67 kq) finalda Elin Johanssona (İsveç), Elvin Məmmədov (74 kq) isə Əlireza Əziziyə (İran) qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fariz Əliyev (68 kq) yalnız finalda Filip Qrqiçə (Xorvatiya) məğlub olaraq, turnirin gümüş medalçısı olub. Bundan başqa, Xəyalə Quliyeva (46 kq) və Təvəkkül Bayramov (+87 kq) bürünc qazanıb. Onu da qeyd edək ki, taekvondoçumuz Elvin Məmmədov yarışın ən taktikalı döyüşçüsü adına layiq görülüb.