Taekvondoçularımız ili 102 medalla başa vururlar
29 dekabr 2011 15:58

Azərbaycan taekvondoçuları cari ildə yarışlarda 102 medal qazanıblar. Azerisport.az xəbər verir ki, bu sözləri dekabrın 29-də keçirilən mətbuat konfransında Azərbaycan Taekvondo Federasiyasının (ATF) birinci vitse-prezidenti Füzuli Musayev deyib.
O, bildirib ki, yola saldığımız il ATF üçün uğurlu olub. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnirlər və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər. Bu uğurlar Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidi.
F.Musayev yığma komandalarımızın 20 beynəlxalq turnirdə, 17 “A” kateqoriyalı yarışda iştirak etdiyini bildirib. Həmçinin diqqətə çatdırıb ki, taekvondoçularımız iştirak etdikləri yarışlarda 29 qızıl, 29 gümüş və 44 bürünc medal qazanıblar.
Vurğulanıb ki, taekvondoçularımızın rəsmi yarışlarda iştirakı onların uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, Bakıda təşkil olunan London Yay Olimpiya Oyunlarının dünya təsnifat turnirində idmançılarımız 1 qızıl və 1 gümüş medal qazanmaqla uğurlu nəticələrini davam etdiriblər. Eyni zamanda, XXX Yay Olimpiya Oyunlarına vəsiqə verən turnirdə taekondoçularımız 2 lisenziya qazanıblar. Bunlar Ramin Əzizov və Fəridə Əzizovadı.
Gələn ilin yanvarında Kazanda keçiriləcək Avropa təsnifat turnirində millimizin daha 2 lisenziya qazanmaq şansı olduğunu bildirən vitse-prezident cari ilin dekabrında keçirilən ölkə çempionatının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Yeni idmançıların üzə çıxmasında bu cür yarışların əhəmiyyətindən danışan F.Musayev karyerasını bitirən taekvondoçuların yeni vəzifələrə təyin olunduqlarını xatırlabıb. Belə ki, Rəşad Əhmədov və Fəqan Umudov bölgələr üzrə kurator təyin ediliblər. Onlar vəzifələrinin icrasına 2012-ci ilin yanvarından başlayacaqlar.
Para-taekvondoçularımızın da qazandıqları nailiyyətlərdən danışan F.Musayev cari ildə Moskvada təşkil olunan birinci Avropa çempionatında idmançılarımız 3 qızıl, 4 gümüş və 4 bürünc medala sahib olublar.