İlk rəqiblərimiz bəlli oldu
27 yanvar 2012 12:19
2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün Rusiyanın Kazan şəhərinə yollanan taekvondoçularımızın ilk rəqibləri bəlli olub. Azerisport.az xəbər verir ki, Avropa Təsnifat turnirində Təvəkgül Bayramov (+80 kq) birinci görüşünü buraxmalı olacaq.
Növbəti mərhələdə idmançımız Heino Teemu (Finlandiya) - İvan Trajkoviç (Sloveniya) cütünün qalibi ilə mübarizə aparacaq. T.Bayramov bu mərhələdə qalib gəlsə, yarımfinala yüksələcək.
Qadın taekvondoçumuz Günay Ağakişiyevanın (57 kq) isə birinci turda rəqibi Bobbi Sonya Makonnelldir (İrlandiya). Bu görüşdə qalib tərəf Marlen Harnois (Fransa) ilə qarşılaşacaq.
Hər iki təmsilçimiz yanvarın 28-də mübarizəyə qoşulacaq. Turnirdə ilk üç yeri tutan idmançılar London Olimpiadasına vəsiqə qazanacaq.
Qeyd edək ki, bu yarış taekvondoçularımızın olimpiadaya vəsiqə əldə etməsi üçün son imkandı. Artıq onlardan ikisi - Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.