Azərbaycan millisi Las-Veqasdan 5 medalla qayıdır
25 fevral 2012 13:56
Azərbaycan taekvondoçuları Las-Veqasda ABŞ-ın açıq çempionatında (“US Open”) uğurla iştirak ediblər. Azerisport.az xəbər verir ki, turnirdə idmançılarımız 4 gümüş, 1 bürünc medala sahib olublar.
London Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Ramin Əzizov (80 kq) zədə səbəbindən final döyüşünə çıxa bilməyib. Millimizin daha bir üzvü İlkin Şahbazov (74 kq) da yarışdan gümüş medalla ayrılıb.
Qadın taekvondoçularımızdan Xəyalə Quliyeva (46 kq) və Fəridə Əzizova (67 kq) da ikinci yeri tutublar. Fariz Əliyev (74 kq) isə yarımfinalda qələbəni əldən verməklə bürüncə sahib olub.
Səbinə Mikayılova (62 kq) isə mübarizəni 14 finalda dayandırmalı olub. Bundan başqa, Azərbaycan millisi turnirin ən mübariz komandası mükafatına da layiq görülüb.
WTF-in “G2” kateqoriyalı bu yarışında qaliblərə 20, finalçılara 12, bürünc mükafatçılara isə 8 reytinq xalı verilib. Milli komandamızın üzvləri fevralın 27-də vətənə dönəcəklər.