Azərbaycan üçün daha bir gümüş medal
6 may 2012 12:17
Böyük Britaniyanın Mançester şəhərində böyüklər arasında taekvondo üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan idmançıları bu yarışda daha bir gümüş medal qazanıblar.
London Olimpiadasına lisenziya qazanan Ramin Əzizov (80 kq) son saniyələrdə qələbəni əldən verib. Böyük Britaniyadan olan Aaron Kukla final görüşü sonadək idmançımızın üstünlüyü ilə keçsə də, misirli baş hakimin ədalətsiz qərarı R. Əzizovu qızıl medaldan məhrum edib. Bundan əvvəlki döyüşlərdə o, Sloveniya və Yunanıstandan olan rəqiblərinə 12 xalla vaxtından əvvəl, yarımfinalda isə hollandiyalı idmançıya 14-8 hesabı ilə qalib gəlmişdi.
Taekvondoçularımızdan Ramik Nəzərov (93 kq) və Günay Ağakişiyeva (57 kq) da çıxışlarını medalsız başa vurublar.
Çempionatın son günü, mayın 6-da digər 4 idmançımız güclərini sınayacaqlar. Elvin Məmmədov (68) fransalı, İlkin Şahbazov (74) isveçli, Aygül Abdullayeva (53) norveçli, Fəridə Əzizova (67 kq) isə ukraynalı idmançı ilə qarşılaşacaqlar.
Qeyd edək ki, ilk gümüş medalı mayın 4-də Mikayıl Əliyev (54 kq) qazanıb.