Beynəlxalq veloturun ilk mərhələsi başa çatdı
9 may 2012 17:36

Kişilərdən ibarət komandalar arasında keçirilən beynəlxalq veloturun birinci - Bakı mərhələsinin yekunları üzrə Rusiyanın "İtera Katyuşa" komandası qalib olub. Azerisport.az xəbər verir ki, ikinci və üçüncü yerləri müvafiq olaraq, Qazaxıstan və Almaniya komandaları tutublar.
Rusiyalı idmançılar yarışın təşkilini yüksək qiymətləndirib, habelə yürüşdə layiqli rəqiblərin iştirak etdiyini qeyd ediblər. Velotur 23 yaşadək gənc komandalar arasında təşkil edilib.
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ, fransızca UCI) təqvim planına daxil edilib və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ Kontinental Turudu.
Azərbaycanda ilk dəfə keçiriləcək peşəkar velosiped idmanı yarışına hər biri 6 idmançıdan ibarət olan və dünyanın ən müxtəlif ölkələrini təmsil edən komandalar qatılacaq.
Yarış Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Almaniyanın "Freunde Eventlogistik" şirkəti ilə birlikdə təşkil olunur.