Yığmamız Belarusdan iki medalla qayıdır
21 may 2012 17:46
Belarusun paytaxtı Minskdə Sovet İttifaqı Qəhrəmanı Viktor Liventsovun xatirəsinə həsr olunmuş boks turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, turnirdə 52 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Elvin Məmişzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Milli komandamızın üzvü həlledici görüşdə qazaxıstanlı Narqazi Yussupovu məğlub edib. Yarışda ən ağır çəki dərəcəsində yarışan dünya çempionumuz Məhəmmədrəsul Məsidov isə finalda Qazaxıstan təmsilçisi Jan Kosbutskiyə 6:13 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.
Apreldə Trabzonda keçirilən Avropa Olimpiya lisenziya turnirində London-2012-yə vəsiqə qazanan Məhəmməd Abdulhəmidov (56 kq) isə ¼ finalda rusiyalı dünya çempionu Sergey Vodopyanova uduzub. Döyüş 8:8 hesabı ilə başa çatsa da, hakimlər qələbəni rəqibə veriblər.