Cənubi Koreyadan Qəbələyə
13 iyun 2012 13:36
2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan taekvondoçuları qarşıdakı məsul yarışa son hazırlıqların birinci mərhələsini başa vurublar. Azerisport.az xəbər verir ki, milli komandamız qurumun I vitse-prezidenti Füzuli Musayevin rəhbərliyi altında Cənubi Koreyada təlim-məşq toplanışından qayıdıb.
Hazırlıq prosesində olimpiyaçılarımız Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) ilə yanaşı, Bayraməli Vəliyev (80 kq) və Səbinə Mikayılova (62 kq) da iştirak edib. Onlar olimpiya komandamızın baş məşqçisi Conq Conqbay, qadınlardan ibarət yığmamızın baş məşqçisi Sun Mi Park və məşqçi Elnur Amanovun tapşırıqlarını yerinə yetiriblər. Toplanış müddətində Seul, Yongin, Suvon və digər şəhərlərin universitet və komandaları, həmçinin Avstraliya, Yeni Zelandiya, İran, Tacikistanın Olimpiadaya hazırlaşan taekvondoçuları, İngiltərəli idmançılarla birgə hazırlıqlar və yoxlama görüşləri keçirilib.
Qeyd edək ki, olimpiyaçı taekvondoçularımız hazırlığın son hissəsini Qəbələdə davam etdirəcəklər.