Bakı küçələrində avtoyürüş keçiriləcək
1 avqust 2012 13:28
“Formula-1” yarışlarının əfsanəvi yürüşçüsü Devit Kulthardın iştirakı ilə möhtəşəm avtoşounun ardınca Bakı küçələrində GTZ avtoyürüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, bu il oktyabrın 5-dən 7-dək Bakıda küçə avtoyürüşləri keçirilməsi nəzərdə tutulub.
Tədbirin təşkilatçısı, “City Challenge GmbH” şirkətinin direktoru Hartmut Beyer verdiyi müsahibədə qeyd edib ki, küçə yürüşlərinin keçirilməsi barədə Bakı şəhərinin rəhbərləri ilə danışıqlar uğurlu olub: “Bakı şəhərinin rəhbərləri bu fikrə şərikdirlər ki, belə idman tədbirləri ölkələr və insanlar arasında müəyyən körpülər yaradır. Bakı sürətlə inkişaf edən çox cəlbedici şəhərdi. Ümid edirik ki, qarşıdakı yürüşlər bu gözəl şəhərin tarixində mühüm bir hadisə kimi qalacaq”.
Bildirilir ki, avtoyürüşün iştirakçıları milli dənizkənarı bulvardan Xəzər dənizinə qədər olan “halqada” 14 döngəni dəf etməli olacaqlar.
Qeyd edək ki, GTZ avtoyürüşləri bütün dünyada məşhurdu. Dairəvi yollarda keçirilən bu yarışlarda “Qran Turizmo” tipli idman maşınlarından istifadə edilir.