Azərbaycan velosipedçiləri Avropa çempionatından mükafatsız qayıtdılar
23 avqust 2012 00:51

Velosiped idmanı üzrə gənclərdən ibarət Azərbaycan milli komandası baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında iyulun 9-dan avqustun 20-ə qədər Avropanın bir sıra şəhərlərində təlim-məşq toplanışı keçirib. Azerisport.az xəbər verir ki, səfərdə məqsəd həm də milli komandamızın Niderlandda təşkil olunan 48-ci Avropa Velosiped Turunda, eləcə də 9-11 avqust tarixlərində keçirilmiş Avropa Çempionatında iştirak etməkdən ibarət olub.
5 nəfərdən ibarət milli komandamız ilk təlim məşq toplanışını Belçikada keçirib. Velosiped idmanı Belçikada bir nömrəli idman növü sayılır və bu ölkəyə səfər təcrübə yığmaq baxımdan böyük əhəmiyyət kəsb edirdi. Milli komandamız Belçikada olduğu müddət ərzində intensiv məşqlərdə iştirak edib, velosiped idmanının həm şosse, həm də trek növündə təcrübələrini artırıblar. Lüksemburq milli komandası ilə birlikdə Belçikanın Gent şəhərində velotrekdə aparılmış məşqlər daha faydalı olub.
Milli komanda Belçikada olduğu iki həftə ərzində təlim-məşqlərlə yanaşı Zotteqem, Vorteqem, Veldeqem, Deiyntse, Bosmolens-İzeqem və Roezelare şəhərlərində keçirilən yarışlarda da iştirak edib və bir sıra nailliyyətlərə imza atıblar. Yeniyetmə idmançımız Elgün Əlizadə Dayntse şəhərində keçirilən yarışda 8-ci yeri tutub və ilk onluğa daxil olub. Hər bir yarışa 100-150 idmançının qatıldığını nəzərə alsaq, Azərbaycan yetirmələrinin Belçikada velosiped idmanı sahəsində ilk onluğa düşməsi müsbət nailliyyət kimi qiymətləndirilə bilər.
Komanda üzvləri qısa müddət ərzində yağışlı havalarda keçirilən yarışlara və məşqlərə alışıb. Avropa ölkələrində yarışlar əksər hallarda ensiz sərt döngəli küçələrdə təşkil edilir.
Azərbaycanda əsasən düz və enli şosselərdə velosiped sürməyə öyrənmiş idmançılarımız üçün Belçikada keçirilən təlim məşq hazırlıqları komanda üzvlərinə öz bacarıq və vərdişlərini təkmilləşdirməyə imkan verib.
Milli komandamız Niderlanda təşkil olunan iki mötəbər yarışda da iştirak edib. Niderlandın Assen şəhərində keçirilən 48-ci Avropa Velosiped Turunda iştirak edən Azərbaycan milli komandasının üzvü Nicat Niftaliyev Kriterium yarışında 3-cü yeri tutmuş və medalla təltif edilib. Bu yarış zamanı yeniyetmə gənclərimiz həmçinin finiş sprintlərdə də yüksək xallar toplamağa nail olublar. Nəzərə alsaq ki, bu yarışda Avropa ölkələrinin ən güclü komandaları və idmançıları öz güclərini sınayırlar, Azərbaycan idmançısının bu nailliyyəti diqqətə layiqdir. Milli komandanın digər üzvləri ümumi nəticədə bu yarışda ilk iyirmiliyə düşüblər.
Avqustun 9-11-də Niderlandın Qus şəhərində Avropa çempionatı keçirilib. Bu çempionatda 38 ölkənin ən güclü velosipedçiləri təmsil olunurdular. Azərbaycanı bu yarışda gənc idmançılardan Sirac Hüseynzadə, Ceyhun İlyasov və Ruslan Hasanov, U 23-lərin yarışında isə Tural İsgəndərov təmsil edib. Bu yarışda Azərbaycan milli komandası mükafat əldə edə bilməsə də, yaxşı təcrübə qazanıb. Yaxın günlərdə komandamız Almaniyanın Hamburq şəhərində daha bir yarışa qatılmaq niyyətindədir.
Xatırladaq ki, hazırda Azərbaycan yığma komandasının üzvləri Almaniyanın Specialized Concept Store komandasında çıxış edirlər. Azərbaycan velosipedçiləri Elçin Əsədov, Aleksandr Surutkoviç, Tural İsgəndərov, Ruslan Mustafayev və Aqşin İsmayılov bu komandanın tərkibində bir sıra nailiyyətlər əldə ediblər. Belə ki, Almaniyada keçirilmiş "Backnang" ötüşməsində Aleksandr Surutkoviç ilk qalibiyyətinə imza atıb. Ardınca Türkiyədə keçirilmiş "Trakya Turu" beynəlxalq ötüşmədə yığma komandamızın nümayəndələri Elçin Əsədov və Tural İsgəndərov 6-cı və 7-ci yerləri qazanıblar. "Trophee des Barrages" çoxgünlük ötüşməsinin Martigny-Mauvoisin şəhərləri arasında keçirilmiş ikinci mərhələsində də velosipedçilərimiz Tural İsgəndərov və Aqşin İsmaylov yaxşı nəticələr göstəriblər.
Bu günlərdə İsveçrədə keçirilmiş 20 km-lik Bleienbach fərdi ötüşməsində velosipedçimiz Elçin Əsədov 1-ci yeri tutub. Elçin Əsədov Azərbaycan müstəqilliyini qazandıqdan sonra ilk dəfə olaraq velosiped idmanı üzrə Dünya Çempionatına vəsiqə qazanıb. O, həm qrup ötüşməsində, həm də fərdi ötüşmədə bəxtini sınayacaq. Bu yarışda velosipedçimiz 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Aleksandr Vinokurov və məhşur velosipedçi Alberto Kontador kimi ulduzlarla bərabər starta çıxacaqdır. Komandamızın digər üzvü Tural İsgəndərov isə Dünya Çempionatında 19-23 yaş kateqoriyasında fərdi ötüşmədə iştirak edəcək. (Trend)