Azərbaycan çempionatı başa çatdı
4 sentyabr 2012 00:01
Velosipedçilərin çoxgünlük ötüşmələri üzrə Azərbaycan çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, yürüşdə müxtəlif yaş qruplarından ibarət 41 idmançı fərdi və qrup şəklində iştirak edib. Yarış 4 mərhələdə təşkil olunub.
Çempionatın birinci mərhələsində velosipedçilər Xudat-Nabran-Yalama marşrutu ilə 120 kilometr məsafə qət ediblər. Növbəti mərhələlərdə qrup yarışları Quba-Xudat-Qusar-Quba marşrutu üzrə keçirilib. Sonuncu mərhələdə Quba şəhəri və rayonun İspik kəndi arasında fərdi ötüşmə təşkil olunub. Ümumilikdə, velosipedçilər 500 kilometrə yaxın məsafə qət ediblər.
Azərbaycan çempionatının ümumi nəticəsinə görə, U-23/elit yaş qrupunda 1-ci yeri Ruslan Mustafayev, 2-ci yeri Elmar İsmayılov, 3-cü yeri Akif Abdullayev tutublar.
U-17-lərin yarışında 1-ci yeri Ceyhun İlyasov, 2-ci yeri Ruslan Həsənov, 3-cü yeri Elgün Əlizadə tutublar. U-15-lərin mübarizəsində Maksim Naperstkov qızıl, Zahid Əliyev gümüş, Tural Xanməmmədov bürünc medala sahib olublar.