Taekvondo üzrə Bakı birinciliyi keçiriləcək
3 noyabr 2012 00:01

Noyabrın 4-də "Musado" idman klubunda taekvondo üzrə Bakı şəhər birinciliyi keçiriləcək. Azerisport.az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Taekvondo Federasiyasının (ATF) birgə təşkil etdiyi paytaxt çempionatı kişi və qadınlar arasında 8 çəki dərəcəsi üzrə olacaq.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, böyüklərdən ibarət seçmə komanda isə mötəbər beynəlxalq turnir ərəfəsindədir. Noyabrın 10-11-də Lozannada "Swiss Open"-ə 12 idmançımız yollanacaq. Baş məşqçi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyev və digər əməkdar məşqçi Gündüz Abdullayevin rəhbərlik etdiyi milli komandamız son hazırlıqları ATF-in zalında keçirir.
Qarşıdakı yarışda kişilərdən Pərvin Əliev (-58 kq), Samir Cavadlı (-58 kq), Namaz Heydərov (-68 kq), Fariz Əliyev (-68 kq), Ramin Əzizov (-80 kq), Elvin Məmmədov (-80 kq), Ceyhun Həsənli (+80 kq) və Bayraməli Vəliyev (+80 kq) iştirak edəcək. Qadınlardan isə Xəyalə Quliyeva (-49 kq), Türkanə Rahirli (-49 kq), Günay Ağakişiyeva (-57 kq) və Səbinə Mikayılova (-57 kq) mübarizəyə qatılacaq.
İsveçrədə "A" kateqoriyalı beynəlxalq turnir olimpiya çəki dərəcələri üzrə keçiriləcək.