Azərbaycan birinciliyinə yekun vuruldu
13 noyabr 2012 11:34
Azərbaycan Tibb Universitetinin idman zalında 2001-ci il təvəllüdlü və kiçik yaşlı oğlan və qızlar arasında Konstitusiya gününə həsr olunmuş stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilib. Azerisport.az xəbər verir ki, yarışda paytaxt idmançıları ilə yanaşı Sumqayıt, Şabran, Şirvan, Şəki və Qaxdan olan tennisçilər qüvvələrini sınayıblar.
Şəxsi xarakter daşıyan yarışlarda oğlanlar arasında Bakı Tennis Məktəbinin təmsilçisi Sadıq Sadıqov birinci, Şabran idmançıları Nihad Məmmədov və Sənan Aslanov ikinci və üçüncü yerlərə sahib olublar. Xanım tennisçilərin yarışlarında da Bakı Tennis Məktəbinin yetirməsi Nəzakət Qarayeva bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şəki idmançısı Nəzrin Qafarova və Bakı Tennis Məktəbinin tennisçisi Fatimə Məmmədli müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Turnirin mükafatçıları Stolüstü Tennis Federasiyası tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunublar.