Azərbaycan idmançısı Avropa çempionu oldu
23 noyabr 2012 17:53

Polşanın Kelçi şəhərində kyokuşin karate üzrə 22 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, yarışda ölkəmizi Azərbaycan Kyokuşin Karate Federasiyasının vitse-prezidenti beşinci dan qara kəmər ustası, şixan Allahverdi Rüstəmovun rəhbərliyi altında 6 idmançı təmsil edib.
Qitə birinciliyində 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Səlahət Həsənov İspaniya, Rumıniya, Bolqarıstan və Latviyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib. İdmançımız rumıniyalı, bolqarıstanlı və latviyalı rəqiblərini nokautla məğlub edib. Həlledici görüşdə Ukrayna idmançısını tam üstünlüklə məğlub edən S.Həsənov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançımız çempionatın “Ən texnikalı döyüşçü”sü seçilib və ona kubok təqdim olunub. Yarışların idarə olunmasında isə ölkəmizi beynəlxalq dərəcəli hakim, üçüncü dan qara kəmər ustası Mübariz Məlikov təmsil edib.