Bakıda mükafat fondu 9500 avro olan turnirə yekun vuruldu
26 noyabr 2012 15:43

Ötən gün Novxanı atçılıq mərkəzinin qapalı manejində Konkur növü üzrə “CSI-1*-W” kateqoriyalı Dünya Kubokunun təsnifat mərhələsi və Bakı çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, 3 gün davam edən yarışların hər günü iki hissədən ibarət olub.
Turnirdə əvvəlcə Azərbaycanlı çaparlar mübarizəyə qoşulublar. Noyabrın 23-ündə keçirilən ilk yarışda həmyerlimiz Kənan Novruzov “Wasab - 1” ləqəbli atla qələbə qazanıb. Günün ikinci yarışında qələbə yenə həmyerlimizə qismət olub. Bu dəfə Elmar Abdullayev “Topic” ləqəbli atla, çətinliklə də olsa Gürcüstanlı həmkarı Şalva Qaçeçiladzeni qabaqlamağı bacarıb. Yarışın ikinci günü Azərbaycanlı çaparlar arasında yenə “Wasab - 1” ləqəbli atla Kənan Novruz fərqlənib Günün ikinci yarışında isə “Chewing Gum-3” ləqəbli atla Şalva Qaçeçiladze qələbə qazanıb. Gürcüstanlı çapar, “Saturn” ləqəbli atla ikinci, “Konrad de Luxe” ləqəbli atla isə üçüncü olub. Nəhayət ötən gün keçirilən Turnirin final mərhələsində, gürcüstanlı Şalva Qaçeçiladze “Chewing Gum-3” ləqəbli atla çempion adına laiq görülüb. Onun həmyerlisi Tsotne Tavadze “Saturn” ləqəbli atla ikinci nəticə göstərib. Üçüncü yeri isə “Erosi” ləqəbli atla digər gürcüstanlı Gegi Metonidze tutub. Final mərhələsində “Woodi” ləqəbli atla 4-cü yerə çıxan Azərbaycan təmsilçisi Patric Mc Entee isə eyni zamanda Bakı çempionu adını qazanıb. Turnirdə Azərbaycan idmançılarıyla yanaşı, Gürcüstan və Qazaxıstan çaparları da mübarizə aparıblar. Beynəlxaq Turniri idarə edən hakimlər briqadası İran, Türkiyə və Bolqarıstandan dəvət olunub.
Qeyd edək ki, 3 gün davam edən Dünya Kubokunun təsnifat mərhələsinin ümumi mükafat fondu 9500 avro olub.