Volfqanq Vebel Bakıda işgüzar səfərdədi (FOTO)
24 aprel 2013 16:12

Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSС) Avropa Komissiyasının Prezidenti Volfqanq Vebel aprelin 23-də Bakıya işgüzar səfərə gəlib. Azerisport.az xəbər verir ki, İFSС-nin Avropa Komissiyasının Prezidenti Vebelin gəlişinin əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarının siyahısında idman dırmanmasının da yer almasıdı.
Səfər zamanı İFSC-nin Avropa Komissiyasının Prezidenti Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəhbərləri ilə bir sıra işgüzar görüşlər keçirəcək, eyni zamanda, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idman klublarının fəalları ilə görüşəcək.
Qeyd edək ki, qonaq ilk təəssüratında İFSC-nin fəaliyyəti, planları haqqında məlumat verib və Azərbaycanda bu idman növünə göstərilən qayğı və diqqətdən məmnun olduğunu bildirib. Həmçinin o, FAİREX-in 2010-cu ilin əvvəlindən İFSС-yə üzv olduğunu və bu qısa müddət ərzində FAİREX-in işindəki nəzərə çarpacaq irəliləyişlərin, idmançıların beynəlxalq yarışlarda aktiv iştirakının İFSС-nin diqqətini cəlb etdiyini bildirib.
Eyni zamanda, səfər çərçivəsində Vebel Beynəlxalq İdman Dırmanması Federasiyasının tələb və şərtlərinə uyğun olaraq yeni inşa olunmuş "Climbaku" İdman Dırmanması Mərkəzi və Federasiyanın idman qurğuları ilə tanış olacaq.
Xatırladaq ki, bu səfər, eyni zamanda iyun ayında Bakıda keçiriləcək idman dırmanması üzrə dünya kuboku yarışlarına hazırlıq məqsədi daşıyır. (Trend)