Yığmamıza Avropadan yeni məşqçi gətirilir
1 may 2013 14:09

Bu gün kənd təsərrüfatı naziri, Azərbaycan Stolüstü Tennis Federasiyasının Prezidenti İsmət Abasov Avropa Stolüstü Tennis Birliyinin Baş katibi xanım Cenni Dom və Baş meneceri cənab Roman Plese ilə görüşüb. Azerisport.az xəbər verir ki, görüşün əsas məqsədi Azərbaycan Stolüstü Tennis Federasiyası ilə Avropa Stolüstü Tennis Birliyi arasında əməkdaşlıq imkanlarının və Azərbaycanda bu idman növünün gələcək inkişafının müzakirəsi olub.
Nazir qonağı səmimi salamlayaraq, ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin və Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın idmana göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Nazir Azərbaycan Stolüstü Tennis Federasiyasının fəaliyyəti barədə geniş məlumat verərək onun əldə etdiyi uğurlar, Avropa standartlarına cavab verən texniki təchizatı, beynəlxalq yarışlarda iştirakı, ümumilikdə Azərbaycanda bu idman növünə böyük maraq olduğunu qonağın diqqətinə çatdırıb.
Qeyd edilib ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarında başqa idman növləri ilə yanaşı stolüstü tennisdə keçirilməsi üçün böyük potensial imkanları vardır və bu idman növündə də yarışların keçirilməsi peşəkarlıqla təşkil olunacaq. Nazir Azərbaycanda Stolüstü Tennis Oyunlarının daha da inkişafının gücləndirilməsi məqsədi ilə Avropadan yeni məşqçinin dəvət olunması üçün xanım Cenni Domaya müraciət edib.
Xanım Cenni Dom səmimi qəbula görə təşəkkürünü bildirib və stolüstü tennisin də Avropa Olimpiya Oyunlarında layiqincə təmsil olunacağına əminliyini bildirib.