Şahin hərbi-idman oyununun respublika final yarışı keçirilib (FOTOLAR)
14 may 2013 01:06

Mayın 10-da “Şahin” hərbi-idman oyunlarının respublika final yarışı keçirilib. Azerisport.az xəbər verir ki, yarışdan bir gün öncə yarış iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanı ziyarət ediblər. Həmin gün Bakı Əyləncə Mərkəzində iştirakçılar üçün ziyafət və konsert proqramı təşkil edilib.
Mayın 10-da isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbirin açılış mərasimi keçirilib. Tədbirdə yarış iştirakçıları ilə yanaşı, oyunun təşkilatçıları olan qurumların nümayəndələri və qərargah üzvləri iştirak ediblər.
Açılış mərasimində C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Qulu Novruzov, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin müavini, general-mayor Kamil Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov, Respublika Veteranlar Şurasının məsul katibi Əlfayım İsmayılov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
Daha sonra komandalar 8 mərhələ üzrə keçirilən final yarışında öz güclərini sınayıblar. Liseyin zabitlərindən ibarət yaradılmış hakimlər heyətinin qərarına əsasən I yerə Nizami rayonu, II yerə Xətai rayonu, III yerə isə Suraxanı rayonu komandaları layiq görülüblər.
Yekunda qaliblər və ayrı-ayrı mərhələlərdə fərqlənən komandalar Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıblar.