Bakıda Beynəlxalq Olimpiya Günü münasibətilə kütləvi qaçış keçirildi
23 iyun 2013 13:49

Bu gün Bakıda Beynəlxalq Olimpiya Günü münasibətilə kütləvi qaçış keçirilib. Azerisport.az xəbər verir ki, açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hər il ölkəmizdə Beynəlxalq Olimpiya Günü münasibətilə qaçış gününün keçirildiyini diqqətə çatdırıb.
İdmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışan Ç.Hüseynzadə ölkəmizdə Olimpiya hərəkatının inkişafda olduğunu vurğulayıb. Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən vitse-prezident iştirakçılara uğurlar arzulayıb və layiqli idmançının qalib gələcəyinə ümidvar olduğunu bildirib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlər barədə məlumat verib. Ölkəmizin bir idman ölkəsinə çevrildiyini diqqətə çatdıran R.Abbasov Bakının 2015-ci ildə birinci Avropa Oyunlarına ev sahibliyi etməsini tarixi uğur kimi dəyərləndirib.
Rəsmi hissə başa çatdıqdan sonra idmançıların nümunəvi çıxışı olub. Sonra Dənizkənarı Milli Parkda 1000 metr məsafəyə qaçışa start verilib. Yarışda 1200-dək artıq idmançı iştirak etmişdir.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda səkkiz yaşadək idmançıların marafonunda Məhəmməd Qardaşov, veteranlar arasında Sadıq Sadıqov, qadınların qaçışında Raidə Aslanova, kişilərin mübarizəsində isə Vüqar Novruzov birinci olublar. Qaliblərə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.
Qaçışın ən yaşlı üzvü Aydın Talıbov (77 yaş) və ən kiçik iştirakçısı Cəmil Cəfərova (5 yaş) xüsusi hədiyyələr verilib.