Azərbaycan AÇ-də üçüncü oldu
4 iyul 2013 20:45
Ukraynanın Odessa şəhərində kişi və qadınlar arasında universal döyüş üzrə Avropa çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, yarışda ölkəmizi Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının birinci vitse-prezidenti Azər Həsənov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elşən İsmayılov, məşqçi Vasif İsgəndərovun rəhbərliyi altında 14 idmançı təmsil edib.
Yarışda 22 ölkədən 496 idmançı layt, klassik və full layt versiyaları üzrə qüvvələrini sınayıb. Turnirin hakimləri arasında Azərbaycanı Elşən İsmayılov təmsil edib.
Avropa çempionatında universal döyüşçülərimiz üç versiya üzrə yarışlarda 3 qızıl, 2 gümüş, 7 bürünc medal əldə ediblər. Qızıl medalları Muradxan Fərzəliyev (85 kq, layt), Sahib Əliyev (90 kq, layt full) və Mobil Hüseynov (75 kq, klassik) qazanıblar.
Tahir Məsimov (90 kq, layt) və Orxan Qurbanov (70 kq, klassik) gümüş medallara, Nicat Əliyev (80 kq, layt) Orxan Binnətov (95 kq, layt full), Məhərrəm Məmmədov (95 kq-dan yuxarı, layt full), Rəşad Hüseynov (85 kq, layt full), Pərviz Nəzərov (65 kq, klassik), Səlim Salmanov (80 kq, klassik) bürünc medallara sahib çıxıblar.
Azərbaycan komandası ümumi hesabda üçüncü pillədə qərarlaşıb. Rusiya yığması birinci, Ukrayna komandası isə ikinci yeri tutub.
Qeyd edək ki, ötən il Rusiyanın Medin şəhərində keçirilən sonuncu Avropa çempionatında idmançılarımız beş medal qazanmışdılar.