Bakıda keçirilən Qran Prinin açılış mərasimi keçirildi
6 iyul 2013 13:53
Bu gün Bakı Biznes Mərkəzində motorlu qayıqsürmə üzrə (Formula-2) Grand Prix - 2013 yarışlarının açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın qazandığı nailiyyətlər barədə məlumat verib.
O, bildirib ki, Formula-2 üzrə yarış ölkəmizdə ilk dəfədi keçirilir. Bu yarış təkcə idman tədbiri deyil, həm də Bakının turizm imkanlarının təbliği üçün əlverişli imkandı. Ölkəmizdə beynəlxalq yarışların yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran nazir Bakının 2015-ci ildə birinci Avropa Oyunlarına, bir il sonra şahmat olimpiadasına ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Nazir Bakının 2017-ci ildə İslam Həmrəyliyi Oyunları və futbol üzrə AÇ-2020-nin seçmə mərhələsini keçirməyə namizəd olduğunu deyib.
Grand Prix yarışlarının iştirakçılarına uğurlar arzulayan A.Rəhimov turnirin gərgin idman mübarizəsi şəraitində keçəcəyini ümidvar olduğunu bildirib.
Azərbaycan Motorlu Qayıq Federasiyasının prezidenti İbrahim Nehrəmli idmanın bu növünün ölkəmizdə inkişaf etdiyini diqqətə çatdırıb. Motorlu qayıqsürmə üzrə yarışlarda Azərbaycan idmançılarının qazandığı nailiyyətlərdən danışan natiq idmanın bu növünün ölkəmizdə kütləviləşməsi istiqamətində addımlar atıldığını diqqətə çatdırıb. Bildirib ki, hazırda qarşıda əsas hədəf yerli idmançılardan ibarət milli komandanın formalaşdırılmasıdı. Habelə, idman infrastrukturunun təkmilləşdirilməsi də qarşımızda duran əsas vəzifələrdəndi.
Dünya Motorlu Qayıqlar Assosiasiyasının prezidenti Rafael Kiuli yarışın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb və Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib.
İki gün davam edəcək yarışda Azərbaycanla yanaşı, İsveç, Avstriya, Böyük Britaniya, Norveç, Latviya, Almaniya, Cənubi Afrika Respublikası, İtaliya, Rusiya və Macarıstan idmançıları da birincilik uğrunda mübarizə aparırlar. Turnirdə ölkəmizi Conas Andersson təmsil edir.