Azərbaycan Universiadada 15-ci oldu
17 iyul 2013 16:45

Tatarıstanın paytaxtı Kazanda 27-ci Dünya Universiadası başa çatıb. Azerisport.az xəbər verir ki, hesabında 4 qızıl, 5 gümüş və 7 bürünc medal olan Azərbaycan millisi 170 ölkə arasında 15-ci pillədə qərarlaşıb.
Bu göstərici ilə Azərbaycan Macarıstan, İtaliya, Meksika, Niderland, Argentina, Ermənistan, Yeni Zelandiya və s. ölkələri qabaqlayıb.
Qeyd edək ki, milli komandamızın heyətində ağırlıqqaldıranlarımız Firudin Quliyev, 5000 metr məsafəyə qaçış yarışlarında Hayle İbrahimov və güləşçilərimiz Yuliya Ratkeviç, Rəsul Cunayev qızıl, Kristina İova, kəmər güləşi yarışlarda çıxış etmiş Ülviyyə Kərimova, güləşçilərimiz Cəbrayıl Həsənov, Patimat Baqomedova, Kamran Məmmədov gümüş medala sahib olublar. Cüdoçumuz Məmmədəli Mehdiyev, güləşçilərimiz İrina Netrebi, Hacı Əliyev, Eldəniz Əzizli, samboçularımız Ağasif Səmədov, Emin Həsənov, İslam Qasımov Universiadanı üçüncü pillədə başa vurub.
Medal hesabında Universiadaya Rusiya liderlik davam etdirir. Meydan sahiblərinin aktivində 289 medal (154-73-62) var.
Çin Xalq Respublikası 75 medalla (25-28-22) ikinci, Yaponiya isə 84 medalla (24-28-32) üçüncüdü.
Universiadaya iyulun 17-də yekun vurulacaq.