Azərbaycanlı idmançı DÇ-nin bürünc medalını qazandı (FOTO)
18 iyul 2013 18:38

Meksikanın Puebla şəhərində keçirilən taekvondo üzrə dünya çempionatının üçüncü günü Azərbaycan millisi üçün uğurlu olub. Azerisport.az xəbər verir ki, qadınlardan ibarət milli komandamızın üzvü Fəridə Əzizova (67 kq) ilk döyüşündə Fanal Lalrempuiiyə (Dünya Taekvondo Federasiyası) qalib gəlib.
Növbəti görüşünü serbiyalı Dojanaya Perisiçə qarşı keçirən idmançımız rəqibini qızıl xalla məğlub edib. Çinli idmançı Gvo Tun Fei ilə döyüşdən qalib ayrılan taekvondoçumuz yarımfinalda Çunag Çia Çiaya (Taypey) uduzaraq bürünc medalla kifayətlənib.
Fəridə Əzizova 2009-cu ildə yeniyetmələr arasında Xorvatiyada keçirilmiş Avropa çempionatının bürünc mükafatçısı, 2012-ci ildə Misirdə gənclər arasında dünya çempionatının qızıl mükafatçısı və 2013–cü ildə Moldovanın Kişinyov şəhərində keçirilən 16-21 yaşlılar arasında Avropa çempionatının qalibi olub.