Azərbaycanın Universiadadakı qəhrəmanları Bakıya qayıtdılar
18 iyul 2013 13:13

Kazanda keçirilən 27-ci Dünya Universiadasında uğurla çıxış etmiş Azərbaycan millisinin üzvləri iyulun 18-də vətənə qayıdıblar. Azerisport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli qarşılanması mərasimi olub.
Yerli azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri ilə qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan millisi Kazan Universiadasında iştirak edən 170 ölkə arasında 15-ci olub. Komandamızın üzvləri, ümumilikdə, 16 medal qazanıblar. Bunların 4-ü qızıl, 5-i gümüş və 7-si isə bürüncdü.
Milli komandamızın heyətində ağırlıqqaldıranımız Firudin Quliyev, 5000 metr məsafəyə qaçış yarışlarında Hayle İbrahimov və güləşçilərimiz Yuliya Ratkeviç, Rəsul Çunayev qızıl, ağırlıqqaldıranımız Kristina İova, kəmər güləşi yarışlarda çıxış etmiş Ülviyyə Kərimova, güləşçilərimiz Cəbrayıl Həsənov, Patimat Baqomedova, Kamran Məmmədov gümüş medala sahib olublar. Cüdoçumuz Məmmədəli Mehdiyev, güləşçilərimiz İrina Netrebi, Hacı Əliyev, Eldəniz Əzizli, samboçularımız Ağasif Səmədov, Emin Həsənov, İslam Qasımov Universiadanı üçüncü pillədə başa vurublar.
Medal hesabında Universiadanın qalibi Rusiya olub. Meydan sahiblərinin hesabında 292 medal (155-75-62) var. Çin Xalq Respublikası 77 medalla (26-29-22) ikinci, Yaponiya isə 84 medalla (24-28-32) üçüncü olub. (azertac)