Baku Cup 2013: təsnifat mərhələsinin qalibləri bəlli oldu
22 iyul 2013 00:39
İyulun 21-də Bakı Tennis Akademiyasında “Baku Cup 2013” qadınlar arasında beynəlxalq tennis turniri başlayıb. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan, Rusiya, Çexiya, Macarıstan, Rumıniya, İspaniya, Fransa, Serbiya, Avstriya, İtaliya, Hindistan, Yaponiya, Böyük Britaniya, Belarus, Ukrayna və Qazaxıstan təmsilçiləri birincilik uğrunda mübarizə aparırlar.
Ölkəmizi bu mötəbər turnirdə gənc tennisçi Kamilla Fərhad təmsil edir.
Yarışın təsnifat mərhələsində 12 oyun keçirilib. Belə ki, İrina Buryaçok, Oleksandra Koraşvili (hər ikisi Ukrayna), Maqda Linette (Polşa), Oksana Kalaşnikova (Gürcüstan), Ysaline Bonaventure (Belarusiya), Tereza Martinkova (Çexiya), Alberta Briyanti (İtaliya), Marina Melnikova, Yuliya Kalabina (hər ikisi Rusiya), Veronika Kapşay, Katerina Kozlova, Anastasiya Vasilyeva (üçü Ukrayna) əsas mərhələyə vəsiqə qazanıblar.