Bakıdakı turnirin qalibi 18 yaşlı ukraynalı oldu (FOTOLAR)
28 iyul 2013 15:33

"Baku Cup 2013" turnirində çempion müəyyənləşib. Azerisport.az xəbər verir ki, finalda dünya reytinqində 71-ci olan 18 yaşlı ukraynalı tennisçi Elina Svitolina ilə reytinqdə 149-cu olan 26 yaşlı israilli tennisçi Şayar Peyer qarşılaşıb.
Svitolina finala qədər ardıcıl olaraq Aleksandra Kruniç (2-1), Nastasya Barnett (2-0), Donna Vekiç (2-0) və Aleksandra Kadantsu (2-0) üzərində qələbə qazanmışdı. Peyer isə İlona Kremen (2-1), Şanel Skipers (2-1), Tadeya Mayeriç (2-1) və Maqda Linetteni (2-0) mübarizədən kənarlaşdırmışdı.
Maraqlı mübarizə şəraitində keçən matçın ilk setində ukraynalı tennisçi rahat oyun nümayiş etdirirdi. Bir ara hesabda 5:1 önə keçən Svitolina rəqibinə göz dağı verirdi. Sonradan 3 oyunu öz xeyrinə başa vuraraq hesabı 4:5 edən Peyerin bundan artığına gücü çatmadı. Nəticədən daha bir oyun qazanan Svitolina ilk seti 6:4 qalib başa vurdu.
Başabaş keçən ikinci setdə rəqiblər hər xal uğrunda sona qədər mübarizə aparırdılar. Ardıcıl 8 oyunda öz servisini qazanan hər iki tennisçi hesabı 4:4-ə gətirdi. 9-cu oyunda rəqibinin servisini qıraraq hesabda 5:4 önə keçən Svitolina üçün çempionluq daha da yaxınlaşdı.
Bu fürsətdən yaxşı istifadə edən ukraynalı tennisçi öz servisini də qazanaraq seti 6:4, matçı da 2-0 qalib başa vurdu.
Bununla da "Baku Cup 2013" turnirini çempion kimi başa vurdu. Bu 18 yaşlı tennisçinin karyerası ərzində qazanmış olduğu ilk titul kimi də yaddaşlara yazıldı.
Məlumat üçün bildirək ki, daha öncə Şenzen turnirində də üz-üzə gəlmiş və Svitolina 2-0 (6:1, 6:3) qalib gəlmişdi.
Şayar Peyer (İsr) – Elina Svitolina (Ukr) - 0:2 (4:6, 4:6)