Millimiz dünya çempionatına hansı heyətlə yollanacaq?
1 avqust 2013 16:41

Avqustun 26-da Rio-de-Janeyroda başlayan Cüdo üzrə dünya çempionatında çıxış edəcək Azərbaycan yığmasının tərkibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Braziliyaya İlqar Müşkiyev (60 kq), Nicat Şıxalizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi - 100 kq) və Kifayət Qasımova (57 kq) gedəcək.
60 kq-a qədər çəki dərəcəsində ikinci vakansiyaya Samsun Qran-prisinin bürünc mükafatçısı Vüqar Şirinli və 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatının üçüncü medalçısı Orxan Səfərov da iddia edirlər.
Yığmamızın baş məşqçisi Piter Zayzenbaxer bu namizədlərdən hansına üstünlük vermək məsələsini yaxın günlərdə qəti müəyyən edəcək.