“Bu, təxribatdı, buna görə bizə cavab verəcəklər”
19 sentyabr 2013 18:07
Azərbaycan MMA liqasının prezidenti, WMMAA İdarə Heyətinin üzvü Kənan Məmmədov oktyabrın 19-20-də Sankt-Peterburqda keçiriləcək qarışıq döyüş növləri üzrə dünya çempionatında qondarma Dağlıq Qarabağ Respublikasının idmançılarının da iştirakı məsələsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Ümumdünya MMA Liqasıyla Azərbaycan arasında yüksək səviyyədə əlaqələr var. Onlar bilirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidi. Qondarma Dağlıq Qarabağdan üzv olmaq ücün muraciət olunub. Amma bu müraciət müsbət cavablanmayıb. Çünki Qarabag Azərbaycanın tərkibindədi. Heç kim biz istəmədən Dağlıq Qarabağda yarış keçirə bilməz. İşğal olunan torpaqlarımız azad olunandan sonra Azərbaycan istədiyi turniri orada keçirəcək. Biz mətbuatda məlumatı oxuyandan sonra dərhal araşdırma apardıq və WMMAA rəhbəliyinə etirazımızı bildirdik. Məlumat üçün deyim ki, üzv qəbul olunanda İdarə Heyətinin rəyi bildirilir. Mən İdarə Heyətinin üzvüyəm və heç vaxt bu məsələ müzakirə olunmayıb. Oluna da bilməz. Çünki, Azərbaycanın torpaqları ayrılmazdı. Etirazımızı bildirəndən sonra anlaşılmazlıq olduğu bildirildi. Beynəlxalq federasiya ölkəmizin ərazisini və müstəqilliyini tanıyır. Dağlıq Qarabağın da Azərbaycan ərazisi olduğunu qəbul edir. Qondarma respublikanın butun koordinantları saytdan çıxarılacaq. Biz artıq beynəlxalq federasiyaya etiraz məktubunu hazırlayırıq. Onlardan cavab gözləyəcəyik. Necə olur ki, üzvlüyə qəbul edilməyən qondarma qurumun bayrağı saytda çıxır? Bu təxribatdı, buna görə bizə cavab verəcəklər. Son illər MMA-da əldə etdiyimiz uğurları qəbul etmək istəmirlər. Bu hərəkətə görə federasiyadan rəsmi cavab gözləyirik".